10.12.2020

 "Hardan başlanır Vətən?"

       48 nömrəli tam orta məktəbin psixoloqu Məmmədova Vüsalə məktəbin şagirdləri ilə "Hardan başlanır Vətən?" mövzusunda virtual seminar keçirib. Seminarı keçirməsində məqsəd şanlı qələbə tarixinin şahidi olan şagirdlərin şüuraltısında Vətən sevgisini, Vətən uğrunda döyüşən əsgər və şəhidlərimizin qəhrəmanlıq nümunəsində müqəddəs vətənpərvərlik hissini aşılamaq, düzgün formalaşdırmaq olub.
       Seminarda müzəffər, rəşadətli Ali Baş Komandan və onun ordusu xalqımızın 30 illik Qarabağ həsrətinə 44 günlük müharibə ilə son qoyduğu qürur hissi ilə çıxışlar olunub.Şagirdlərimiz bənzəmək istədikləri qəhrəman əsgərlərimizdən eşitdikləri xatirələri, qələbə sevincini yaşadığı anları bölüşüblər. "Şəhidlər ölməz, vətən bölünməz", ifadəsini  izah edərkən hər birinin ürəyi vətən sevdası ilə döyünürdü.
       Vətənin müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edərkən şagirdlərin simasında, məğrur duruşunda "qəhrəmanımdır" adlandırdıqları Polad Həşimovu, Dövlətzadə Cəbrayılı, Salatın Əsgərovanı, Xudayar  Yusifzadəni, Zöhrab Ələkbərovu, Aqşin Novruzovu, "Qumbara" ləqəbli Tərlanı, "Topçü Vüsalı" , Haqverdiyev Sənanı gördüm. Mütəmadi olaraq məktəbimizdə keçirilən tədbirlərin, o cümlədən vətənpərvərlik mövzusunun təbliğinin sevindirici nəticəsinin şahidi olduq.
Şagirdlərimizi milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məktəbimizin qarşısına qoyduğu ən ümdə vəzifələrdən biri olub.
Hər birimiz Vətənin canı, ruhu, qanadı olmaq diləyi ilə Vətəni və  vətənpərpərliyimizi qoruyaq, yaşadaq.

  Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!


Açar sözlər: ,