Cəbhə bölgəsində yerləşən Əhmədalılar kənd tam orta məktəbinin fəaliyyəti haqqında

     Füzuli rayon Əhmədalılar kənd tam orta məktəbi  vaxtı ilə bu məktəbdə  GÇH fənnini tədris edən Baxşəli Əliyevin adını daşıyır. Hal-hazırda 232 nəfər şagirdi, 25 müəllimi olan Əhmədalılar kənd tam orta  məktəbi  rayonun  2-ci ən qədim təhsil ocağıdır.

    Məktəbdə yaradılmış “İstedad bankı”-nın üzvləri  dərslərindən  əla qiymətlər  almaqla yanaşı, məktəbin ictimai işlərində yaxından iştirak edirlər. Məktəbdə elmi-kütləvi  tədbirlərə həmişə yüksək önəm verildiyindən  şagirdlərin bilik yarışlarına, məntiqi oyunlara marağı yüksəkdir. Oktyabr ayında rayonun  4 tam orta məktəbinin şagirdləri arasında  ingilis dili fənni üzrə bilik yarışı keçirilib, Əhmədalılar kənd tam orta məktəbinin şagirdləri qalib adını qazanıb. 13 noyabr 2018-ci il tarixdə rayonun ümumtəhsil məktəbləri arasında idman yarışları keçirilib və Əhmədalılar kənd tam orta məktəbi yüngül atletika üzrə qalib olub. Məktəbdə şagirdlərin əl işlərindən, rəsmlərindən  ibarət sərginin təşkili böyük marağa səbəb olub.

     Əhmədalılar kənd tam orta məktəbinin bir ənənəsi də var ki, illərdir hər səhər şagirdlər himn oxuyur, səhər idmanı edir və sonra dərslər başlayır. “Hərəyə bir ağac əkək” devizi altında  yaşıllıq kompaniyası  bu məktəbdə ənənə halını  alıb.

     Məktəbdə  Aprel  döyüşlərində qəhrəmanlıqla həlak olmuş Həmidov Orxanın xatirəsinə təşkil edilmiş  guşədə  döyüşçünün xatirəsinə  şagirdlər  tərəfindən  yazılmış esselər, xatirələr də böyük marağa səbəb olub.

     Məktəbdə “Uşaq hüquqlarının qorunması” aylığına  həsr olunmuş müsabiqə keçirilmiş və  Aprel şəhidi Həmidov Orxanın övladı, VI sinif şagirdi Həmidov Vüsal 1-ci yerə layiq götürülərək təltif olunub.2017-2018-ci tədris ilində məktəbin 11 nəfər şagirdi müxtəlif ali məktəblərə, 3 nəfər şagirdi isə kolleclərə qəbul olub.

    Bütün bu görülən işlərin nəticəsi kimi qiymətləndirmək olar ki,  Əhmədalılar kənd tam orta məktəbinin direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi Gözəlov Bəxtiyar Əkrəm oğlu 04 oktyabr 2018-ci il tarixdə  Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

    Məktəbin pedoqoji kollektivi cari dərs ilində  uğurlarını daha da artırmaq əzmi ilə çalışır.

 


Açar sözlər: