07.02.2020

Dünya azərbaycanlılarının təşkilatlanmasında Ulu Öndərin xidmətləri əvəzsizdir  

     Təhsil Nazirliyinin F-717/1 N-li əmrinə əsasən  hazırlanan RTŞ-nın Fəaliyyət Planına uyğun olaraq ,Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunun, siyasi irsinin öyrədilməsi məqsədilə Füzuli rayon ümumtəhsil məktəblilərinin mütəmadi olaraq Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilir. Füzuli Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin birgə hazırladıqları qrafik əsasında ümumtəhsil məktəblərinin şagirdləri Heydər Əliyev Mərkəzində dahi rəhbərin keçdiyi şərəfli həyat yolunu və fəaliyyətini əks etdirən eksponatlarla, foto və kitablarla tanış olur, məruzələr dinləyirlər.
     Növbəti ekskursiyada Böyük Bəhmənli kənd 1 və 2 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər. Məktəblilər Ulu Öndərin həyat və fəaliyyətinə dair fotoguşələrlə tanış olublar. Sonra Mərkəzin zalında "Heydər Əliyev və dünya azərbaycanlılarının təşkilatlanması sahəsində atılan uğurlu addımlar" mövzusunda tədbir keçirilib.
    Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qabil Əliyev çıxış edərək, dünya azərbaycanlılarının təşkilatlanmasında Ümummilli Liderin tarixi xidmətlərindən danışıb, Ulu Öndərin şərəfli ömür yolunun hər bir azərbaycanlı üçün əvəzsiz örnək olduğunu bildirib. Sonra Təhsil Şöbəsinin məsləhətçisi Camal Əli oğlu və Böyük Bəhmənli kənd 2N-li tam orta məktəbin tarix müəllimi Nurlanə Qasımovanın mövzu ilə bağlı məruzələri dinlənilib.
    Sonda məktəblilər ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx  izləyiblər. 


Açar sözlər: ,  ,  ,