21.01.2020

Füzuli rayon 48 nömrəli məktəbin beş sinfinə şəhidlərin adları verilib

      Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində növbəti tədbir Bakıda yerləşən Füzuli rayon 48 nömrəli məktəbdə təşkil olunub. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları, Müdafiə Nazirliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

 Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Azərbaycan Ordusunun zabiti mayor Anar Rzayev bildirib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsi icra olunur. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir.

    “Şəhidlər unudulmur” layihəsi çərçivəsində 48 nömrəli məktəbin də beş sinfinə şəhidlərimizin adları verilib. Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova, təhsil şöbəsinin müdiri Ramella Məmmədova, məktəbin direktoru Şərafət Hacıyeva çıxış edərək, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində orta təhsil müəssisələrində aparılan işlərdən danışıblar. Siniflərə şəhidlərimizin adlarının verilməsi ilə şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyü, onların göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyi qeyd edilib.

Şagirdlər Aprel döyüşlərində şücaətlər göstərmiş Tahir Misirxanov və Üzeyir Nəcəfovun çıxışlarını böyük maraqla dinləyiblər.

Şəhid atası Ələkbər Hüseynov çıxışında övladının şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu bildirib, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə minnətdarlığını ifadə edib.

Sonra şəhid valideynləri sinif rəhbərlərinə Aprel şəhidləri Elnur Əliyevin, Orxan Həmidovun, Əlvan Hüseynovun, Səyyar Quliyevin və Ayaz Hüseynovun şəkillərini təqdim ediblər. Şəhid valideynləri şəhidlərin adları verilmiş siniflərin şagirdləri ilə söhbət edərək, övladlarının məktəb illəri haqqında xatirələrini danışıblar.

Tədbirin ikinci hissəsi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. Çıxış edənlər Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizədən 20 Yanvar faciəsindən, şəhidlərin qəhrəmanlığından danışıb, onların böyüməkdə olan gənc nəslə vətənpərvərlik örnəyi olduğunu bildiriblər.

Məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Sonda şagirdlər “Əsgərə məktub” layihəsi çərçivəsində Azərbaycan əsgərinə 170 ədəd kitab hədiyyə ediblər.