10.05.2019

4 N-li tam orta məktəbdə Nəsimi  gecəsi keçirilib

     4 N-li tam orta məktəbdə dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

    Tədbirdə məktəb direktoru, müəllimlər və şagirdlər iştirak etib.  Məktəbin dil ədəbiyyat müəllimi Əliyeva  Dinarə Nəsimi yaradıcılığı haqqında geniş çıxış edib.

    İmaməddin Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə etməyi  bacaran qüdrətli sənətkarlardan biri olub. Onun ana dilindən başqa fars və ərəb dillərində yazdığı divanlar şairin adının öz vətənindən çox-çox uzaqlarda, bütün yaxın Şərqdə şöhrətlənməsinə səbəb olub.

     Şair özündən sonra zəngin bir irs qoyub gedib. Böyük sənətkar insana, insan ləyaqətinə, onun qüdrətinə  olan yüksək inamını tərənnüm edərək insanı həyatın yaradıcısı, həyatı gözəlliklərin əsil mənbəyi kimi vəsf edib. Nəsiminin qabaqcıl ideyaları dövrün mürtəce ruhaniləri tərəfindən şiddətli müqavimətə rast gəlirdi. O, öz şeirlərində cahil insanları tənqid edir, həyat gözəlliklərindən ilham almağa çağırıb.

      O, müasirlərini həyat və kainatın sirlərini öyrənməyə, biliyə, mövcud qanun-qaydalara açıq gözlə baxmağa çağırıb. Şairin hər üç dildə yazdığı şeirləri bədii cəhətdən sənətkarlıqla işlənilib.

      Şagirdlər Nəsimi filmindən bir fraqmenti səhnələşdirib nümayiş etdiriblər. VIII sinif  şagirdləri Abbaszadə Elmidar Nəsimi rolunda Cəfərova Xədicə Şəms rolunda çıxış ediblər. IX sinif şagirdi Əliyeva Ulduz , VI sinif şagirdi Ağayeva Ayçiçək Nəsiminin qəzəllərini söyləyiblər.


Açar sözlər: ,  ,  ,